Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz, qeyri-ərzaq malları üzrə 101,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,5 faiz təşkil etmişdir.
Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 100,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,3 faiz, qeyri-ərzaq malları üzrə 100,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 99,8 faiz təşkil etmişdir.
Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal ətinin, təzə və dondurulmuş balığın, kolbasa məmulatlarının, südün, yoqurtun, xamanın, brınza pendirinin, yumurtanın, kərə və bitki yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, şəkərin, çayın, qəhvənin, spirtli içkilərin qiymətlərində bahalaşma, portağalın, bananın, kivinin, qozun, çuğundurun, yerkökünün, mərcinin, şəkər tozunun, energetik içkilərin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2020-ci ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyimin, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, divar kağızlarının, boyaların, kəsilmiş taxtanın qiymətlərində bahalaşma, paltaryuyan maşınların, kondisionerlərin, mobil telefonların, fotoaparatların, fərdi kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, ayaqqabıların təmiri, bərbərxana, kosmetoloji və tibbi xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ictimai iaşə xidmətlərinin qiymətlərində bahalaşma, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Əlaqə telefonu: 538-52-72