Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2019-cu ildə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2019-cu ildə ölkənin avtomobil yollarında 1870 və ya 2018-ci illə müqayisədə 2,9 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz artaraq 2523 nəfər olmuşdur. Onlardan 821-i həlak olmuş, 1702-si isə yaralanmışdır. Hadisələrin 44,9 faizi gündüz, 35,5 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş vermiş, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 87,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı 2018-ci ilə nisbətən 1,4 faiz artaraq 564 nəfər, yaralananların sayı 0,2 faiz artaraq 1631 nəfər olmuşdur.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
Göstəricinin adı | 2019-cu il | 2018-ci ilə nisbətən, faizlə |
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 1870 | 102,9 |
Məkanına görə: | ||
magistral avtomobil yollarında | 233 | 128,0 |
yaşayış məntəqələrində | 1637 | 100,1 |
İşıqlılıq vəziyyətinə görə: | ||
gündüz vaxtı | 840 | 112,9 |
toran vaxtı | 366 | 98,9 |
gecə vaxtı | 664 | 94,5 |
Yol örtüyünün vəziyyətinə görə: | ||
quru yol örtüyü | 1792 | 105,3 |
digər (yaş, buz və s.) | 78 | 67,2 |
Zərərçəkənlərin sayı, nəfər | 2523 | 103,7 |
həlak olanlar | 821 | 113,7 |
yaralananlar | 1702 | 99,5 |
Bütün yol-nəqliyyat hadisələrinin 43,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,6 faizini, yaralananların isə 72,9 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş vermiş, nəticədə 18 nəfər həlak olmuş, 21 nəfər yaralanmışdır. Hadisələrin 60,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3999,1 min olmuşdur. Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 22,1 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,5 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır.
Qaydaların pozulmasına görə 119,0 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.
Əlaqə telefonu: 538-93-98