Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Narkotik vasitələrlə bağlı cinayətlər haqqında
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2019-cu ildə ölkədə qeydə alınmış 26672 cinayət hadisəsinin 4383-ü və ya 16,4 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuş, onların da 59,1 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,4 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 6,1 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,3 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, 0,1 faizini isə digər cinayətlər təşkil etmişdir.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 3464 nəfər (onlardan 2,8 faizi əcnəbilər) cinayət törətmiş şəxs müəyyən edilmişdir ki, onların da 98,8 faizi cinayət məsuliyyətinə cəlb olunmuş, 1,2 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilmişdir.
Cinayət törətmiş şəxslərdən 70,3 faizi heç yerdə işləməyən və oxumayanlar olmuşdur. Cinayət törədənlərin 0,4 faizini yetkinlik yaşına çatmayanlar, 23,6 faizini 18-29 yaşlı gənclər təşkil etmişdir.
2019-cu ildə müsadirə edilmiş 3317,5 kiloqram narkotik maddələrin 2066,6 kiloqramını heroin, 822,1 kiloqramını marixuana, 288,2 kiloqramını tiryək, 22,8 kiloqramını həşiş, həşiş yağı və qətranı, 4,0 kiloqramını kokain, 113,8 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil etmişdir.
Əlaqə telefonu: 538-90-32.