Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Ölkədə sosial təminat haqqında
2020-ci il yanvarın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1270,6 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 12,8 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30,2 faizi əlilliyə, 11,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,1 faiz artaraq 263,6 manat təşkil etmiş və orta aylıq əmək haqqının 41,5 faizinə bərabər olmuşdur.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat, 2019-cu il 1 oktyabr tarixindən isə 200 manat müəyyən olunmuşdur ki, bu da müəyyən edilmiş minimum aylıq əməkhaqqının 80 faizini təşkil edir.
2020-ci ilin yanvarın 1-i vəziyyətinə 401,2 min nəfərə aylıq sosial müavinətlər təyin olunmuşdur. Yaşa görə müavinət alanların sayı 82,4 min nəfər, əlilliyə görə - 180,5 min nəfər, ailə başçısını itirməyə görə - 47,0 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 63,0 min nəfər, digər müavinətləri alanların sayı isə 28,3 min nəfər olmuşdur.
Əmək pensiyası almaq hüququ olmayan 1,5 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilmişdir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 266 nəfər qəyyumuna aylıq müavinət verilmişdir. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 8,6 min ailəsinə 14,6 min uşaq üçün aylıq müavinət verilmişdir. Bundan əlavə, 1655 nəfər bir yaşınadək uşağı olan 1654 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 9,1 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 392 şəxsə isə kompensasiya verilmişdir.
2019-cu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 72647 ailəyə 76204 uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 4273 şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6387 nəfərə birdəfəlik müavinətlər verilmişdir.
2020-ci il yanvarın 1-i vəziyyətinə 72,2 min aztəminatlı ailənin 298,9 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 50,03 manat təşkil etmişdir.
Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 293,8 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur.
Əlaqə telefonu: 538-63-61