Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Elmi kadrların hazırlanması haqqında
Dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri də ölkənin elmi-texniki potensialının inkişafı, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılmasından ibarətdir.
Cari ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 119 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərmiş və onlarda 55,0 faizi qadın olmaqla 2850 nəfər təhsil almışdır. Təhsil alanların 78,6 faizi fəlsəfə, 21,4 faizi isə elmlər doktoru proqramları üzrə təhsil almışlar.
Təhsil alanların 36,0 faizi elmi müəssisə və təşkilatlarda, 64,0 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil almışdır. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 33,7 və 66,3 faiz, elmlər doktoru proqramı üzrə isə 44,2 və 55,8 faiz təşkil etmişdir.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 50,6 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 30,1 faizi 40 yaşadək olan şəxslərdir.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2239 nəfərin 365-i iqtisad, 310-nu filologiya, 265-i texnika, 177-si aqrar, 142-si tibb, 116-sı riyaziyyat, hər birində 104 nəfər olmaqla siyasi və biologiya, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.
Doktorantlardan 102 nəfər filologiya, 83 nəfər aqrar, 60 nəfər tarix, 59 nəfər biologiya, 58 nəfər texnika, 51 nəfər iqtisad, 49 nəfər kimya, 21 nəfər tibb, 20 nəfər yer, 19 nəfər hüquq elmləri, 19 nəfər sənətşünaslıq, 70 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.
2018-ci illə müqayisədə 2019-cu ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 30,4 faiz azalaraq 421 nəfər, elmlər doktoru proqramı üzrə isə 26,3 faiz artaraq 118 nəfər təşkil etmişdir. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 4,8 faiz, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 15,2 faiz azalaraq müvafiq olaraq 633 və 140 nəfər təşkil etmişdir.
Bununla yanaşı, 2019-cu ildə fəlsəfə doktoru proqramı üzrə 728 dissertant təhkim olunmuşdur ki, onların da 71,0 faizini qadınlar təşkil etmişdir. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 126 nəfəri qadın olmaqla 249 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi elmin tibb, iqtisad, filologiya, tarix, texnika, biologiya və riyaziyyat sahələri üzrə təhkim olunmuşdur.
Əlaqə telefonu: 538-90-32