Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əsas kapitala yönəldilmiş vəsait haqqında
2020-ci ilin yanvar-may aylarında əsas kapitala 4907,6 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 19,8 faiz artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 16,7 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 3282,3 milyon manatı və ya 66,9 faizi məhsul istehsalı sahələrinə, 1115,5 milyon manatı (22,7 faizi) xidmət sahələrinə, 509,8 milyon manatı (10,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2891,6 milyon manatını və ya 58,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2965,5 milyon manatı və ya 60,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 62,1 faiz, büdcə vəsaitləri 21,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,5 faiz, bank kreditləri 5,4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,4 faiz, sair vəsaitlər isə 2,2 faiz təşkil etmişdir.
2020-ci ilin yanvar-may aylarında Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, Naxçıvan Muxtar Respublikasında 2 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi, Gəncə və Şəki şəhərlərinin hər birində 200 çarpayılıq xəstəxana binası, Ağstafa, Goranboy, Kürdəmir, Qazax və Tovuz rayonlarında “Azərxalça” ASC-nin filialı, Kürdəmir və Tovuz rayonlarında “Asan Həyat” kompleksi, Ağstafa rayonunda Aqrar Sənaye Kompleksi, Qazax rayonunda əhəng zavodu, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.
Telefon: 539-87-17