Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Xarici ticarət əlaqələri haqqında
2020-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 161 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 96 ölkəyə məhsul ixrac olunmuş, 149 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 8180,5 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 4798,7 milyon dollarını və ya 58,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 3381,8 milyon dollarını (41,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1416,9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 25,5 faiz, real ifadədə 17,1 faiz, o cümlədən idxal 40,5 faiz, ixrac isə 0,4 faiz azalmışdır.
2020-ci ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 5,8 faiz, real ifadədə isə 12,9 faiz azalaraq 548,9 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 38,1 faizini İtaliyaya, 16,1 faizini Türkiyəyə, 4,9 faizini İsrailə, 4,5 faizini Hindistana, 3,6 faizini Yunanıstana, 3,1 faizini Rusiyaya, 3,0 faizini Xorvatiyaya, 2,7 faizini Ukraynaya, 2,6 faizini Çexiyaya, 2,5 faizini Gürcüstana, 2,3 faizini Tunisə, 1,9 faizini Portuqaliyaya, 1,8 faizini Almaniyaya, 1,5 faizini İspaniyaya, 11,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9 faiz), Türkiyəyə (22,3 faiz), Gürcüstana (10,7 faiz), İsveçrəyə (8,8 faiz), Çinə (3,3 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2,3 faiz), Qazaxıstana (1,8 faiz), İrana (1,4 faiz), Belarusa (1,2 faiz), ABŞ-a (1,2 faiz), Almaniyaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,1 faizi Rusiya, 14,9 faizi Türkiyə, 12,6 faizi Çin, 9,6 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,4 faizi İtaliya, 4,3 faizi Ukrayna, 2,8 faizi İran, 2,2 faizi Birləşmiş Krallıq, 1,9 faizi Yaponiya, 1,7 faizi Fransa, 1,6 faizi Koreya, 20,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2020-ci ilin yanvar-aprel aylarında 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 17,2 faiz, şəkər – 10,9 faiz, bitki yağları – 2,0 dəfə, kartof – 33,3 faiz, çay – 17,8 faiz, meyvə və tərəvəz konservləri – 6,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 1,8 dəfə, polietilen – 33,3 faiz, qara metallardan borular – 1,6 dəfə artmış, təzə meyvə ixracı isə 32,8 faiz, meyvə və tərəvəz şirələri – 4,0 faiz, tütün – 27,8 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 62,7 faiz, pambıq lifi – 22,8 faiz, pambıq ipliyi – 2,1 faiz, emal olunmamış alüminium – 23,5 faiz, bentonit gili – 18,6 faiz azalmışdır.
2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 2020-ci ilin yanvar-aprel aylarında təzə meyvə idxalı 14,6 faiz, bitki yağları – 17,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 30,1 faiz, çay – 4,3 faiz, mal əti – 21,7 faiz, təzə tərəvəz – 20,5 faiz, minik avtomobilləri – 50,8 faiz, dərman vasitələri – 1,7 dəfə, polad prokatı – 52,3 faiz, qara metallardan çubuqlar – 48,2 faiz, mineral gübrələr – 3,0 faiz, hesablama maşınları, blok və qurğuları – 32,8 faiz, yük avtomobilləri – 7,6 faiz, polietilen – 1,2 faiz, paltaryuyan maşınlar – 5,1 faiz, avtobuslar – 30,2 faiz, sement və sement klinkerləri – 8,5 faiz, məişət soyuducuları – 19,4 faiz artmış, buğda idxalı isə 46,1 faiz, kartof – 2,7 faiz, xam şəkər və şəkər – 51,2 faiz, quş əti və onun əlavə məhsulları – 12,7 faiz, siqaretlər – 77,6 faiz, qara metallardan borular – 10,5 faiz, rezin şinlər – 9,5 faiz, mebellər – 10,1 faiz, qara metallardan künclüklər – 2,4 faiz, məişət kondisionerləri – 62,5 faiz azalmışdır.
Əlaqə tel.: 538-77-25