Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2020-ci ilin yanvar-iyun aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2020-ci ilin yanvar-iyun aylarında ölkədə 760 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 5,6 faiz azalaraq 1026 nəfər olmuşdur. Onlardan 325-i həlak olmuş, 701-i isə yaralanmışdır. Hadisələrin 41,7 faizi gündüz, 36,3 faizi gecə, 22,0 faizi isə toran vaxtı baş vermiş, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 89,2 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrü ilə eyni səviyyədə qalaraq 249 nəfər, yaralananların sayı 10,1 faiz azalaraq 650 nəfər olmuşdur.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
Göstəricinin adı | 2020-ci ilin yanvar-iyun aylarında | 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 760 | 92,5 |
Məkanına görə: | ||
magistral avtomobil yollarında | 82 | 96,5 |
yaşayış məntəqələrində | 678 | 92,0 |
İşıqlılıq vəziyyətinə görə: | ||
gündüz vaxtı | 317 | 83,2 |
toran vaxtı | 167 | 118,4 |
gecə vaxtı | 276 | 92,0 |
Yol örtüyünün vəziyyətinə görə: | ||
quru yol örtüyü | 714 | 91,4 |
digər (yaş, buz və s.) | 46 | 112,2 |
Zərərçəkənlərin sayı, nəfər | 1026 | 94,4 |
həlak olanlar | 325 | 95,0 |
yaralananlar | 701 | 94,1 |
Bütün yol-nəqliyyat hadisələrinin 41,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 82,2 faizini, yaralananların isə 74,2 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 10 hadisə baş vermiş, nəticədə 6 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır. Hadisələrin 70,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
2020-ci ilin yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 1565,7 min olmuşdur. Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 15,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,1 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,9 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 4,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.
Əlaqə telefonu: 538-93-98