Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Azərbaycanda demoqrafik vəziyyət
İlin əvvəlindən ölkə əhalisinin sayı 28786 nəfər və ya 0,3 faiz artaraq 2020-ci il iyul ayının 1-i vəziyyətinə 10095894 nəfərə çatmışdır. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1002 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.
Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 59356 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,0 təşkil etmişdir. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1608-i əkiz, 57-si isə üçəm doğulanlardır.
2020-ci ilin yanvar-iyun aylarında ölkədə 31016 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil etmişdir.
Bu ilin birinci yarısında qeydiyyat şöbələri tərəfindən 17841 nikaha daxilolma və 7107 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,6, boşanmaların sayı isə 1,4 olmuşdur.
Cari ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 820 nəfər gələn, Azərbaycandan isə 374 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 446 nəfər təşkil etmişdir.
Əlaqə telefonu: 538-51-43