Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Narkotik vasitələrlə bağlı cinayətlər haqqında
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən 2020-ci ilin yanvar – iyun ayları ərzində qeydə alınmış 13310 cinayət hadisəsinin 2904-ü və ya 21,8 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz çoxdur. Onların 57,8 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 34,5 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 5,8 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,2 faizini isə digər cinayətlər təşkil etmişdir.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1921 nəfər cinayət törətmiş şəxs müəyyən edilmişdir ki, onların da 98,8 faizi cinayət məsuliyyətinə cəlb olunmuşdur, 1,2 faizi isə qanunvericiliyə uyğun cinayət məsuliyyətindən azad edilmişdir.
Cinayət törətmiş şəxslərin 68,0 faizini heç yerdə işləməyən və oxumayanlar, 28,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil etmişdir. Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 2,2 faiz təşkil etmişdir. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 8,8 faizi 18-24 yaşlı, 17,8 faizi 25-29 yaşlı gənclər, 73,2 faizi isə 30 və yuxarı yaşlı şəxslər olmuşdur.
2020-ci ilin yanvar-iyun aylarında müsadirə edilmiş 2149,1 kiloqram narkotik maddələrin 1426,7 kiloqramını heroin, 513,2 kiloqramını marixuana, 144,6 kiloqramını tiryək, 20,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 44,1 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil etmişdir.
Əlaqə nömrəsi: 012 538 90 32