Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsində Vətən Müharibəsində iştirak edən əməkdaşlarla görüş keçirilib
Dekabrın 30-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Vətən Müharibəsində iştirak edən əməkdaşları ilə görüş keçirilib.
Öncə Vətən müharibəsində, eyni zamanda ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriklərini çatdıran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bötüvlüyümüzün bərpa olunduğunu, Azərbaycanın Vətən Müharibəsində böyük Zəfər qazandığını diqqətə çatdırıb. Bildirib ki, 44 günlük haqq mübarizəsində tarix yazan şanlı Ordumuz, qəhrəman əsgər və zabitlərimiz güclü dövlət və güclü ordu strategiyasını, milli birlik, həmrəylik və güclü iradə vəhdətini bütün dünyaya nümayiş etdirib.
Çıxış edən Vətən müharibəsi iştirakçıları döyüş yolundan bəhs ediblər, qələbə sevincini bölüşüblər.
Sonda Vətən Müharibəsində iştirak edən Dövlət Statistika Komitəsinin əməkdaşlarına bayram hədiyyələri, həmçinin dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilənlərə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.