Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Meşəbərpa tədbirlərinin aparılması haqqında
2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması, bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 10382 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilmişdir. Görülmüş tədbirlər çərçivəsində 527,3 hektar sahədə meşə əkinləri, 121,2 hektar sahədə meşə səpinləri işləri aparılmış, 68,5 hektar sahədə meşə-bağlar, 5 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınmış və 9660 hektar sahədə təbii bərpaya kömək göstərilmişdir. Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 21668,6 hektar təşkil etmişdir.
Bundan başqa, səpin sahələrində 9,6 hektar sahəyə toxumlar səpilmiş, 2,0 hektar çilik kökləndirməsi sahələrinə 93,2 min ədəd çilik basdırılmışdır.
2020-ci ildə meşə fondu sahələrindən 51,0 ton meyvə, meşə ağac və kol cinslərinin toxumları tədarük edilmişdir ki, bunların da 1,6 tonu qoz, 0,5 tonu badam, 0,4 tonu digər meyvə ağaclarının, 46,8 tonu palıd, 1,7 tonu digər meşə ağacları və kol cinslərinin toxumlarının payına düşmüşdür.
Əlaqə telefonu: 377 10 70 (22-40)