2020-ci ildə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

10.02.2021, 12:00

2020-ci ildə ölkədə 1587 və ya 2019-cu illə müqayisədə 15,1 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 16,5 faiz azalaraq 2106 nəfər olmuşdur. Onlardan 696-sı həlak olmuş, 1410-u isə yaralanmışdır. Hadisələrin 42,6 faizi gündüz, 35,0 faizi gecə, 22,4 faizi isə toran vaxtı baş vermiş, 28,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı 2019-cu illə müqayisədə 6,7 faiz azalaraq 526 nəfər, yaralananların sayı 19,4 faiz azalaraq 1315 nəfər olmuşdur.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı 2020-ci il 2019-cu ilə nisbətən, faizlə
     
Bütün yol-nəqliyyat hadisələri – cəmi 1587 84,9
Məkanına görə:    
           magistral avtomobil yollarında 183 78,5
           yaşayış məntəqələrində 1404 85,8
İşıqlılıq vəziyyətinə görə:    
           gündüz vaxtı 676 80,5
           toran vaxtı 355 97,0
           gecə vaxtı 556 83,7
Yol örtüyünün vəziyyətinə görə:    
          quru yol örtüyü 1491 83,2
          digər (yaş, buz və s.) 96 123,1
Zərərçəkənlərin sayı, nəfər 2106 83,5
           həlak olanlar 696 84,8
           yaralananlar 1410 82,8

Bütün yol-nəqliyyat hadisələrinin 41,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 35,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,8 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,2 faizini, yaralananların isə 75,0 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 21 hadisə baş vermiş, nəticədə 14 nəfər həlak olmuş, 19 nəfər yaralanmışdır. Hadisələrin 76,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

2020-ci ildə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3631,1 min olmuşdur. Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 6,5 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,6 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 118,2 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.

Əlaqə telefonu: 377 10 70 (22-22)