Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Narkotik vasitələrlə bağlı cinayətlər haqqında
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2020-ci ildə ölkədə qeydə alınmış 26 004 cinayət hadisəsinin 5252-si və ya 20,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur ki, bu da 2019-cu ilin göstəricisindən 19,8 faiz çoxdur. Onların 55,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 36,1 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 6,2 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil etmişdir.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4233 nəfər cinayət törətmiş şəxs müəyyən edilmişdir ki, onların da 29,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil etmişdir. Cinayət törətmiş şəxslərin 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunmuş, 1,0 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilmişdir.
Cinayət törətmiş şəxslərin 70,9 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,0 faizini qadınlar təşkil etmişdir. Cinayət törədənlərin 0,1 faizi 14-17 yaşda olan uşaqlar, 7,6 faizi 18-24 yaşlı, 17,4 faizi 25-29 yaşlı gənclər, 74,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olmuşdur.
2020-ci ildə 3758,4 kiloqram narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir ki, bu da ötən ilin göstəricisindən 13,3 faiz çoxdur. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 2341,1 kiloqramını heroin, 904,5 kiloqramını marixuana, 277,9 kiloqramını tiryək, 65,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 1,3 kiloqramını kokain, 168,2 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil etmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-70)