Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Xarici ticarət əlaqələri haqqında
2021-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 122 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 61 ölkəyə məhsul ixrac olunmuş, 117 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2242,4 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 1454,9 milyon dollarını və ya 64,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 787,5 milyon dollarını (35,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 667,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 5,7 faiz, real ifadədə 10,1 faiz, o cümlədən idxal 12,3 faiz, ixrac isə 9,1 faiz azalmışdır.
2021-ci ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 3,8 faiz artmış, real ifadədə isə 12,9 faiz azalaraq 146,1 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 44,5 faizini İtaliyaya, 9,0 faizini Türkiyəyə, 8,5 faizini İspaniyaya, 7,1 faizini Ukraynaya, 6,7 faizini Hindistana, 6,6 faizini Çinə, 3,8 faizini Xorvatiyaya, 2,8 faizini Rusiyaya, 2,1 faizini Rumıniyaya, 1,9 faizini İsrailə, 1,8 faizini Portuqaliyaya, 1,4 faizini Gürcüstana, 1,3 faizini Avstraliyaya, 0,6 faizini İsveçrəyə, 1,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (36,1 faiz), Rusiyaya (29,3 faiz), İsveçrəyə (6,9 faiz), Gürcüstana (4,4 faiz), Çinə (2,9 faiz), ABŞ-a (2,5 faiz), İtaliyaya (2,2 faiz), Ukraynaya (2,2 faiz), Almaniyaya (1,4 faiz), Birləşmiş Krallığa (1,3 faiz), İrana (1,1 faiz), Yaponiyaya (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,6 faizi Rusiya, 14,5 faizi Türkiyə, 13,9 faizi Çin, 11,5 faizi Almaniya, 5,7 faizi ABŞ, 3,7 faizi Ukrayna, 3,6 faizi İran, 2,8 faizi Birləşmiş Krallıq, 2,7 faizi İtaliya, 1,7 faizi Yaponiya, hər biri 1,5 faiz olmaqla Koreya, Polşa və Hindistan, hər biri 1,3 faiz olmaqla Niderland və Fransa, 18,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2021-ci ilin yanvar ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 5,4 faiz, şəkər – 2,7 dəfə, meyvə və tərəvəz şirələri – 1,9 dəfə, çay – 2,2 dəfə, təbii üzüm şərabları və üzüm suslosu – 3,8 dəfə, kartof – 2,8 faiz, pambıq lifi – 42,6 faiz, pambıq ipliyi – 9,5 faiz, bentonit gili – 12,7 faiz artmış, təzə tərəvəz ixracı isə 33,9 faiz, bitki yağları – 46,2 faiz, meyvə və tərəvəz konservləri – 18,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,5 faiz, tütün – 81,0 faiz, polietilen – 16,8 faiz, emal olunmamış alüminium – 16,3 faiz, qara metallardan borular – 21,9 faiz azalmışdır.
2020-ci ilin yanvar ayı ilə müqayisədə 2021-ci ilin yanvar ayında təzə meyvə idxalı 36,8 faiz, xam şəkər və şəkər – 2,6 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 6,3 faiz, kartof – 10,8 faiz, təzə tərəvəz – 4,9 dəfə, siqaretlər – 1,7 dəfə, dərman vasitələri – 2,1 dəfə, rezin şinlər – 46,5 faiz, mineral gübrələr – 10,1 dəfə, yük avtomobilləri – 25,7 faiz, polietilen – 8,3 faiz artmış, bitki yağları idxalı isə 24,2 faiz, buğda – 53,5 faiz, çay – 46,8 faiz, mal əti – 30,1 faiz, quş əti və onun əlavə məhsulları – 61,0 faiz, minik avtomobilləri – 23,8 faiz, qara metallardan borular – 36,5 faiz, polad prokatı – 50,6 faiz, hesablama maşınları, blok və qurğuları – 8,8 faiz, qara metallardan çubuqlar – 43,9 faiz, avtobuslar – 13,9 faiz, mebellər – 35,6 faiz, paltaryuyan maşınlar – 20,5 faiz, məişət kondisionerləri – 6,7 faiz, qara metallardan künclüklər – 46,9 faiz, məişət soyuducuları – 33,1 faiz, sement və sement klinkerləri – 20,6 faiz azalmışdır.
Əlaqə telefonu: 377 10 70 (22-60)