Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Atmosfer havasına atılan zərərli maddələr haqqında
2020-ci ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2019-cu illə müqayisədə 312,6 min ton azalaraq ümumilikdə 809,5 min ton təşkil etmişdir ki, onun da 81,7 faizi və ya 661,0 min tonu avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 30,1 faiz, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 16,1 faiz azalmışdır. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 27,2 min ton, Mingəçevir şəhərində 0,5 min ton azalmış, Sumqayıt şəhərində isə 0,2 min ton artmışdır.
Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 65,0 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilmişdir. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 92,0 min ton zərərli maddələrin atılmasının qarşısı alınmışdır.
Atmosferə atılmış bütün zərərli tullantıların 62,0 faizini karbohidrogenlər, 14,1 faizini azot oksidi, 11,6 faizini karbon oksidi, 0,7 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil etmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-24)