2007-ci ilin yanvar-avqust aylarında Ümumi Daxili Məhsul istehsalı haqqında

13.09.2007

2007-cı ilin səkkiz ayı ərzində istehsal olunmuş ümumi daxili məhsul əvvəlki ilin eyni dövrünə nisbətən 32.5 faiz və yaxud müqayisəli qiymətlərlə 3.6 milyard manat artaraq 14.8 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi isə 1748.9 manat (2027.5 ABŞ dolları) təşkil etmişdir. ÜDM-in 72.8 faizi istehsal sahələrində, o cümlədən 60.9 faizi sənayedə, 7.0 faizi tikintidə, 4.9 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 19.3 faizi isə xidmət sahələrində yaradılmışdır. Xidmət sahələrində yaradılmış əlavə dəyərin 26.1 faizi nəqliyyat, 8.6 faizi poçt və rabitə, 27.9 faizi topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlər, 3.7 faizi mehmanxana və restoranlarda xidmət, 33.7 faizi sosial və digər xidmət sahələrində fəaliyyət göstərən iqtisadi vahidlərin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər ümumi daxili məhsulun 7.9 faizini təşkil etmşdir. Həmin dövr ərzində yaradılan əlavə dəyərin sənaye sahələrində 49.6 faiz, aqrar sektorda 3.0 faiz, tikintidə 7.9 faiz, nəqliyyatda 16.8 faiz, poçt və rabitə xidməti sahələrində 19.8 faiz, topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmət göstərən sahələrdə 14.7 faiz, mehmanxana və restoran xidmətləri sahələrində isə 23.7 faiz artımı müşahidə olunmuşdur.