2007-ci ilin yanvar-avqust aylarında əhalinin gəlirləri haqqında

13.09.2007

Cari ilin yanvar-avqust aylarında əhalinin adambaşına gəlirləri 2006-cı ilin eyni dövrü ilə müqayisədə 38.1 faiz artaraq 958.0 manat və ya 1110.6 ABŞ dolları təşkil etmişdir. Bu dövrdə hər ay adambaşına orta hesabla 119.8 manat (138.8 ABŞ dolları) məbləğində gəlir düşmüşdür ki, bu da 2006-cı ildəkindən 33.1 manat çoxdur. Adambaşına gəlirlərin nominal artımı istehlak mallarının və əhaliyə göstərilən pullu xidmətlərin bahalaşmasını 22.2 faiz bəndi üstələmiş və real olaraq 19.2 faiz artmışdır. Səkkiz ay ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 8.1 milyard manatlıq gəlirin 63.9 faizi son istehlak xərclərinə, 11.5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqqlarının ödənilməsinə sərf edilmiş, 24.6 faizi isə kapital və əmanətlərin artırılmasına yönəldilmişdir. Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqqları ödənildikdən sonra əhalinin sərəncamında 7.2 milyard manatlıq və ya əvvəlki ildəkindən 2.1 milyard manat çox vəsait qalmışdır.