Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2007-ci ilin yanvar-avqust aylarında sənayenin inkişafı haqqında
2007-ci ilin yanvar-avqust aylarında ölkədə istehsal olunmuş sənaye məhsulunun və işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 32.7 faiz artmış və 12.2 milyard manat olmuşdur. İstehsal olunmuş sənaye məhsulunun 73.2 faizi mədənçıxarma, 20.4 faizi emal, 6.4 faizi isə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölmələrinin payına düşmüşdür. Səkkiz ay ərzində 28.5 milyon ton neft, 6.5 milyard kub metr qaz hasil edilmiş və onların istehsalı 2006-cı ilin yanvar-avqust aylarının səviyyəsini müvafiq olaraq 41.4 və 49.1 faiz üstələmişdir. İstehsalın artımı neftin hasilatında 41.4 faiz və emalında 9.0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 49.6 faiz, maşın və avadanlıqların istehsalında 1.8 dəfə, nəqliyyat vasitələri və avadanlıqlarının istehsalında 2.4 dəfə, oduncaqların emalı və ağacdan məmulatların istehsalında 27.0 faiz, qida məhsullarının istehsalında 9.7 faiz, tikinti materiallarının istehsalında 17.8 faiz və s. sahələrdə müşahidə olunmuşdur. Sənaye istehsalının 94.3 faizi malların, 5.7 faizi isə xidmətlərin payına düşmüş, istehsalın 21.2 faizi dövlət və 78.8 faizi qeyri-dövlət bölməsinin təsərrüfat subyektlərinin payına düşmüşdür.