Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2020-ci ildə tullantıların hərəkəti haqqında
2020-ci ildə ölkədə 3486,5 min ton və ya əvvəlki illə müqayisədə 6,4 faiz çox tullantı əmələ gəlmiş və onların 67,4 faizini bərk məişət tullantıları, 32,6 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil etmişdir.
Ötən il yaranmış 2350,0 min ton bərk məişət tullantılarının 74,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 25,0 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunmuş, 0,5 faizi isə ölkə daxilində satılmışdır. Məişət tullantılarından istifadə hesabına 200,6 milyon kVt saat və ya 2019-cu illə müqayisədə 2,4 faiz çox elektrik enerjisi istehsal edilmişdir.
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 24,6 faizi müəssisələrdə xammal kimi istifadə edilmiş, 20,7 faizi ölkə daxilində satılmış, 1,8 faizi ixrac olunmuş, 8,4 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 44,5 faizi isə müəssisələrdə qalmışdır.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2019-cu illə müqayisədə 0,1 faiz az və ya 317,2 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 9,1 faiz olmuşdur. Tullantıların 53,8 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 61,4 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-24)