2021-ci ilin yanvar-mart aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

08.05.2021, 12:00

2021-ci ilin yanvar-mart aylarında 376 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,4 faiz azalaraq 495 nəfər olmuşdur. Onlardan 125-i həlak olmuş, 370-i isə yaralanmışdır. Hadisələrin 42,8 faizi gündüz, 35,6 faizi gecə, 21,6 faizi isə toran vaxtı baş vermiş, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 87,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 33,1 faiz azalaraq 89 nəfər, yaralananların sayı 3,4 faiz azalaraq 338 nəfər olmuşdur.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı 2021-ci ilin yanvar-mart aylarında 2020-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə
     
Bütün yol-nəqliyyat hadisələri – cəmi 376 89,3
Məkanına görə:    
           magistral avtomobil yollarında 47 100,0
           yaşayış məntəqələrində 329 88,0
İşıqlılıq vəziyyətinə görə:    
           gündüz vaxtı 161 108,1
           toran vaxtı 81 76,4
           gecə vaxtı 134 80,7
Yol örtüyünün vəziyyətinə görə:    
          quru yol örtüyü 330 84,6
          digər (yaş, buz və s.) 46 148,4
Zərərçəkənlərin sayı, nəfər 495 88,6
           həlak olanlar 125 69,1
           yaralananlar 370 97,9

Bütün yol-nəqliyyat hadisələrinin 37,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,3 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,9 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 84,0 faizini, yaralananların isə 72,7 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 8 hadisə baş vermiş, nəticədə 2 nəfər həlak olmuş, 9 nəfər yaralanmışdır. Hadisələrin 75,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

Əlaqə telefonu: 377 10 70 (22-22)