Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2021-ci ilin yanvar-may aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,2 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,2 faiz artmışdır.
Sənaye məhsulunun 62,5 faizi mədənçıxarma sektorunda, 31,2 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 7,7 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 4,4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, maşın və avadanlıqların istehsalı 98,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 96,3 faiz, tütün məmulatlarının istehsalı 86,3 faiz, elektrik avadanlıqlarının istehsalı 81,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 43,0 faiz, kağız və karton istehsalı 41,0 faiz, tikinti materiallarının istehsalı 29,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,6 faiz, geyim istehsalı 20,5 faiz, qida məhsullarının istehsalı 7,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,3 faiz, neft məhsullarının istehsalı 3,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 2,4 faiz artmış, hazır metal məmulatlarının istehsalı 4,7 faiz, içkilərin istehsalı 8,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 9,8 faiz, mebel istehsalı 28,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,7 faiz, poliqrafiya məhsullarının istehsalı 63,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 70,9 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,6 faiz artmışdır.
Əlaqə telefonu: 377 10 70 (22-10)