2007-ci ilin sentyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

09.10.2007

2007-ci ilin sentyabr ayında 2007-ci ilin avqust ayı ilə müqayisədə ərzaq məhsullarının qiymətlərinin 1,5 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin 0,4 faiz, xidmət tariflərinin 0,7 faiz bahalaşması nəticəsində istehlak mallarının qiymət indeksi 101,1 faiz təşkil etmişdir. Ay ərzində istehlak bazarında manna və qarabaşaq yarmalarının, çörəyin, makaron məmulatlarının, uşaq yeməklərinin, mal və qoyun ətinin, toyuq və toyuq budunun, konservlərin, kolbasa məmulatlarının, kərə və bitki yağlarının, süd və süd məhsullarının, yumurtanın, spirtli içkilərin, karamel və konfetlərin, qəhvənin, çayın, bananın, şaftalının, kələmin, göyərtinin, xiyarın, pomidorun, badımcanın, lobyanın, kökün, süfrə çuğundurunun, şəkər və şəkər tozunun, sarımsağın qiyməti bahalaşmış, düyünün, buğda ununun, ağ balığın, limonun, almanın, armudun, gavalının, üzümün, qozun, şabalıdın, balqabağın, şirin bibərin, soğanın, kartofun qiymətləri isə ucuzlaşmışdır.
Sentyabr ayında qeyri-ərzaq mallarından parçaların, kişi üçün uzunqol və qısaqol köynəklərin, kostyumların, mayka və futbolkaların, qadın üçün kostyumların, donun, yubkaların, uzunqol köynəklərin, tikinti mallarından boyaların, sementin, parket və parket üçün lakın, taxta materiallarının, pəncərə şüşəsinin, mebel dəstlərinin, tozsoran və paltar yuyan maşınların, elektrik ütülərinin, təsərrüfat mallarının, dəftərlərin, qızıl əşyalarının qiymətləri bahalaşmış, qadın üçün qısaqol köynəklərin, yay ev xalatı və şalvarların, uşaq üçün yay kostyumlarının, ev ayaqqabılarının, soyuducuların, ventilyatorların, pərdələr üçün karnizlərin, mebellərə qulluq etmək üçün vasitələrin qiymətləri isə ucuzlaşmışdır.
Sentyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən paltarların təmirinin, karusellər, yelləncəklər və uşaqlar üçün digər atraksionların, təhsil haqqının, xarici dil və kompyuter kurslarının tarifləri bahalaşmış, soyuducu və paltaryuyan maşınlarının təmirinin, ayaqqabı dabanının vurulması tarifləri isə ucuzlaşmışdır.