Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb
2021-ci il 22 iyul tarixində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Cahit Bağçını salamlayan Tahir Budaqov onunla görüşdən məmnunluğunu ifadə edərək Azərbaycandakı fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıb. Komitə sədri Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının dillər əzbəri olduğunu, Türkiyənin dövlət müstəqilliyimizi tanıyan ilk ölkə kimi 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ilk ölkə olmasından danışaraq göstərilən siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın apardıqları siyasət nəticəsində iki ölkə arasında əlaqələrin mühüm strateji əməkdaşlıq səviyyəsinə yüksəlməklə dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.
Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı öz növbəsində səmimi görüşə görə təşəkkür edib, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələrin siyasi, iqtisadi-ticari, humanitar və s. sahələrdə çox uğurlu inkişafından söz açıb.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında hər iki dövlət başçısının fəaliyyətlərinin xüsusi vurğulandığı görüşdə bütün istiqamətlərdə olduğu kimi statistika sahəsində də əməkdaşlığın vacibliyi qeyd edilmiş, perspektivli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.