Tikinti haqqında

10.10.2007

Ölkə iqtisadiyyatının başqa sahələri kimi, tikinti kompleksi də sürətlə inkişaf edir. 2007-ci ilin doqquz ayı ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 4,5 milyard manat investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyanın 54,5 faizini daxili sərmayələr təşkil etmiş, həmin vəsaitin 82,2 faizi istehsal təyinatlı obyektlərin inşaasının davam etdirilməsi üçün istifadə olunmuşdur.
Doqquz ay ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində çoxlu miqdarda istehsal və sosial obyektlər işə salınmış, yeni iş yerləri açılmışdır. Bakı şəhərinin elektrik enerjisi ilə təminatını yaxşılaşdıracaq 104 MVt gücündə modul tipli yeni elektrik stansiyası, Bakı şəhərinin Hövsan qəsəbəsində taxıl terminalı, Salyanda süd məhsulları istehsal edən zavod, Şəki rayonunda Kərpic zavodu, Qəbələ şəhərində Bazar-Ticarət Mərkəzi, İmişlidə Çörək məmulatları istehsal edən sex, Bakı şəhərində nəqliyyatın ahəngdar hərəkətinin təmin olunmasında mühüm əhəmiyyətə malik yeni körpülər və yeraltı keçidlər, ölkənin müxtəlif bölgələrində 55,0 min nömrəlik avtomat telefon stansiyaları, 959,2 min kvadrat metr yeni yaşayış evləri, 68923 şagird yerlik ümumtəhsil məktəbləri,101 çarpayılıq xəstəxana, növbədə 108 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 60 yerlik məktəbəqədər uşaq müəssisəsi, Masallı və Qazax rayonlarında Olimpiya İdman Kompleksləri istifadəyə verilmiş və bu heç də görülmüş işlərin tam siyahısı deyildir.
Əsas kapitala yönəldilmiş sərmayənin 65,0 faizini müəssisə və təşkilatların vəsaitləri, 22,1 faizini büdcə vəsaitləri, 3,4 faizini əhalinin xüsusi vəsaiti, 3,8 faizini bank kreditləri və 5,7 faizini digər vəsaitlər təşkil etmişdir.