2007-ci ilin oktyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

06.11.2007

2007-ci ilin oktyabr ayında 2007-ci ilin sentyabr ayı ilə müqayisədə ərzaq məhsullarının qiymətlərinin 2,9 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin 0,6 faiz, xidmət tariflərinin 0,3 faiz bahalaşması nəticəsində istehlak mallarının qiymət indeksi 101,9 faiz təşkil etmişdir. Ay ərzində istehlak bazarında manna və qarabaşaq yarmalarının, düyünün, buğda ununun, çörəyin, makaron məmulatlarının, uşaq yeməklərinin, mal və qoyun ətinin, toyuq və toyuq budunun, ağ balığın, konservlərin, kolbasa məmulatlarının, kərə və bitki yağlarının, süd və süd məhsullarının, yumurtanın, spirtli içkilərin, konfetlərin, qəhvənin, çayın, bananın, üzümün, naringi və portağalın, kələmin, göyərtinin, xiyarın, pomidorun, badımcanın, lobyanın, kökün, süfrə çuğundurunun, şəkər və şəkər tozunun, sarımsağın qiyməti bahalaşmış, almanın, narın, xurmanın, qozun, fındığın, şabalıdın, balqabağın qiymətləri isə ucuzlaşmışdır. Payız mövsümünün gəlişi ilə əlaqədar olaraq oktyabr ayında isti geyim və ayaqqabı qrupu mallarının qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Mövsümü mallarla yanaşı ötən ay parçaların, tikinti mallarından boyaların, sementin, parketin, kərpicin, taxta materiallarının, mebel dəstlərinin, tozsoran və paltar yuyan maşınların, elektrik ütülərinin, təsərrüfat mallarının, dəftərlərin, qızıl əşyalarının qiymətləri bahalaşmış, qadın və kişi üçün qısaqol köynəklərin, qadın üçün yay şalvarlarının və yubkaların, uşaq üçün yay donunun, tikinti mallarından pəncərə şüşəsinin, su tənzimləyici cihazların, unitazın, dəsmal və yataq dəyişəyi dəstlərinin, şüşə və büllur güldanların, təsərrüfat mallarından tavaların qiymətləri isə ucuzlaşmışdır. Oktyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən paltarların təmirinin, kişi şalvarının tikilişinin, xarrat və rəngsaz xidmətlərinin, məişət avadanlıqlarının təmirinin, sürücülük kurslarının, televizor və videomaqnitofonun təmirinin, oyun avtomatlarının, xarici dil və kompüter kurslarının, qadınlar üçün saç kəsiminin qiymət və tarifləri bahalaşmışdır.