Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
“Şərq tərəfdaşlığı vasitəsilə statistika (STEP)” layihəsi çərçivəsində “İşçi qüvvəsinə dair pilot müayinənin yekunları haqqında: qarşıda duran vəzifələr” mövzusunda videokonfrans keçirilmişdir
2022-ci il 17 yanvar tarixində Avropa İttifaqının Statistika Bürosu (Avrostat) tərəfindən həyata keçirilən “Şərq tərəfdaşlığı vasitəsilə statistika (STEP)” layihəsi çərçivəsində “İşçi qüvvəsinə dair pilot müayinənin yekunları haqqında: qarşıda duran vəzifələr” mövzusunda ZOOM platforması üzərindən videokonfrans keçirilmişdir. Videokonfransda beynəlxalq ekspertlər, müvafiq dövlət və qeyri-dövlət qurumlarının əməkdaşlarından ibarət 42 nəfər iştirak etmişdir.
STEP layihəsinin məqsədi Avrostatın cəlb etdiyi beynəlxalq ekspertlər tərəfindən 2018-ci ildə işçi qüvvəsinə dair müayinə üzrə aparılmış sektoral qiymətləndirmənin (xarici audit) nəticəsi olaraq təqdim edilmiş tövsiyələr də nəzərə alınmaqla Beynəlxalq Əmək Təşkilatının Əmək statistiklərinin 19-cu beynəlxalq konfransında qəbul edilmiş “Əmək fəaliyyəti, məşğulluq və tam istifadə olunmayan işçi qüvvəsi haqqında qətnamə”dən irəli gələn beynəlxalq standartlar əsasında milli səviyyədə tətbiq olunan işçi qüvvəsinə dair seçmə statistik müayinənin metodologiyasının təkmilləşdirilməsi və bu metodologiya əsasında pilot seçmə statistik müayinənin keçirilməsi olmuşdur.
Tədbir zamanı əmək fəaliyyətinin növlərinə, işçi qüvvəsinin və tam istifadə olunmayan işçi qüvvəsinin qiymətləndirilməsinə dair yeni standartların metodoloji əsasları, layihə çərçivəsində Avrostatın cəlb etdiyi beynəlxalq ekspertlərin köməyi ilə yeni standartlar nəzərə alınmaqla işçi qüvvəsinə dair müayinə forması, onun seçmə metodologiyasının təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, keçirilmiş pilot müayinənin yekunları və gələcək perspektivlər haqqında geniş məlumat verildi. Layihə çərçivəsində ölkədə yeni standartların tətbiq olunması nəticəsində əldə edilmiş yeni statistik göstəricilərin aktuallığını və beynəlxalq müqayisəliliyinin təmin olunmasını nəzərə alaraq, milli səviyyədə tətbiq olunan işçi qüvvəsinə dair statistik müayinə formasının, onun metodologiyasının təkmilləşdirilməsi prosesinin başa çatdırılması və cari ildən onun tətbiq olunmasının nəzərdə tutulması ilə bağlı məlumat verildi və bu tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.