Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsinin əməkdaşları Finlandiya Statistika İdarəsinin təcrübəsi ilə tanış olublar
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa İttifaqının “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” Tvinninq layihəsi çərçivəsində 2022-ci il 24–28 yanvar tarixlərində Finlandiya Statistika İdarəsində səfərdə olub. Səfər müddətində Dövlət Statistika Komitəsi ilə Finlandiya Statistika İdarəsi arasında ikitərəfli əməkdaşlıq məsələləri, layihə çərçivəsində görülmüş işlər, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə edilib, Azərbaycanda biznes statistikasının təkmilləşdirilməsi prosesində Finlandiya təcrübəsinin öyrənilməsi və onun ölkə təcrübəsində tətbiqi imkanları, qarşıda duran vəzifələr müzakirə edilib. Finlandiya Statistika İdarəsinin mütəxəssisləri tərəfindən Finlandiyada struktur biznes statistikası, maliyyə statistikası, sənaye müəssisələri üzrə seçmənin aparılması, statistik istehsal prosesinin təkmilləşdirilməsi yolları, biznes statistikasının təşkili, statistik məlumat mənbələri, kommunikasiya kanalları, rəsmi statistika məqsədləri üçün inzibati məlumat mənbələrinin istifadəsi, statistik vahidlərin reyestrinin aparılması və s. mövzulara dair təqdimatlar edilib. Vergi sahəsində gəlir vergisinin statistikası, açıq məlumatların istifadəsi, informasiya xidmətinin fəaliyyəti, vergi məlumatlarının rəsmi statistikada istifadəsi və inteqrasiya məsələləri müzakirə edilib. Səfər çərçivəsində Dövlət Statistika Komitəsinin nümayəndələri tərəfindən rəsmi statistikada inzibati məlumat mənbələrinin genişləndirilməsi imkanları, bu sahədə həyata keçirilmiş işlər, struktur biznes statistikası, müşahidə vahidləri, institusional əsaslar, struktur biznes statistikası üçün məlumat mənbələri, müxtəlif mənbələrdən alınan məlumatların keyfiyyətinin və müqayisəliliyinin təmin edilməsi barədə təqdimat edilib, təlim iştirakçıları Finlandiyalı mütəxəssislərlə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb. Səfərdə Dövlət Statistika Komitəsinin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları da iştirak ediblər.