Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Xarici ticarət əlaqələri haqqında
2021-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 188 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 120 ölkəyə məhsul ixrac olunmuş, 174 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 35556,4 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 23850,6 milyon dollarını və ya 67,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 11705,8 milyon dollarını (32,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 12144,8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46,9 faiz, real ifadədə 5,0 faiz artmışdır. İxracın real artımı 17,0 faiz olmuş, idxal isə 10,0 faiz azalmışdır.
2021-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 47,2 faiz, real ifadədə 38,4 faiz artaraq 2713,4 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 41,6 faizini İtaliyaya, 12,7 faizini Türkiyəyə, 4,1 faizini Rusiyaya, 4,0 faizini İsrailə, 3,4 faizini Xorvatiyaya, 3,0 faizini Gürcüstana, 2,9 faizini Almaniyaya, 2,7 faizini Hindistana, hər biri 2,6 faiz olmaqla Portuqaliya və Tunisə, 2,5 faizini İspaniyaya, 2,0 faizini Ukraynaya, 1,9 faizini Yunanıstana, 1,8 faizini Birləşmiş Krallığa, 1,3 faizini Belarusa, hər biri 1,2 faiz olmaqla İsveçrə və Çexiyaya, 1,0 faizini Kanadaya, 7,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,3 faiz), Türkiyəyə (24,9 faiz), İsveçrəyə (8,3 faiz), Gürcüstana (5,8 faiz), ABŞ-a (2,8 faiz), Braziliyaya (2,7 faiz), Ukraynaya (2,0 faiz), İtaliyaya (1,9 faiz), Qazaxıstana (1,5 faiz), Niderlanda (1,5 faiz), İrana (1,3 faiz), Çinə (1,3 faiz), Belçikaya (1,2 faiz), Türkmənistana (1,1 faiz), Özbəkistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiya, 15,8 faizi Türkiyə, 14,0 faizi Çin, 5,4 faizi Almaniya, 4,0 faizi Ukrayna, 3,8 faizi ABŞ, 3,6 faizi İtaliya, 3,4 faizi İran, 2,3 faizi Birləşmiş Krallıq, 2,2 faizi Yaponiya, 1,9 faizi Koreya, 1,7 faizi Braziliya, 1,6 faizi İsveçrə, 1,5 faizi Fransa, 1,2 faizi Hindistan, 1,1 faizi Belarus, 1,0 faizi Vyetnam, 17,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2021-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 20,2 faiz, kartof – 13,5 faiz, meyvə və tərəvəz şirələri – 7,2 faiz, tütün – 9,8 faiz, meyvə və tərəvəz konservləri – 18,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 15,9 faiz, pambıq lifi – 26,0 faiz, polietilen – 25,9 faiz, polipropilen – 32,3 faiz, mineral gübrələr – 4,6 dəfə, pambıq ipliyi – 2,0 dəfə, qara metallardan çubuqlar – 1,6 dəfə, qara metallardan yarımfabrikatlar – 3,6 dəfə, sement klinkerləri – 1,6 dəfə, qara metallardan borular – 14,4 faiz, bentonit gili – 3,3 faiz artmış, təzə tərəvəz ixracı isə 20,4 faiz, şəkər – 2,5 faiz, bitki yağları – 15,3 faiz, çay – 17,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 21,0 faiz, emal olunmamış alüminium – 19,4 faiz azalmışdır.
2020-ci illə müqayisədə 2021-ci ildə xam şəkər idxalı 1,9 dəfə, təzə meyvə – 1,1 faiz, şokolad və şokolad məhsulları – 11,5 faiz, unlu qənnadı məmulatları – 21,4 faiz, kartof – 17,7 faiz, quş əti və onun əlavə məhsulları – 3,7 faiz, təzə tərəvəz – 12,4 faiz, minik avtomobilləri – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 3,9 faiz, yük avtomobilləri – 53,1 faiz, rezin şinlər – 29,7 faiz, mebellər – 29,3 faiz, paltaryuyan maşınlar – 14,8 faiz, avtobuslar – 2,7 faiz, məişət kondisionerləri – 6,1 faiz, məişət soyuducuları – 52,6 faiz artmış, buğda idxalı isə 15,9 faiz, bitki yağları – 6,8 faiz, kərə yağı, digər süd yağları və pastaları – 10,5 faiz, çay - 0,1 faiz, mal əti – 41,4 faiz, siqaretlər – 41,4 faiz, dərman vasitələri – 1,7 faiz, polad prokatı – 30,0 faiz, qara metallardan borular – 16,6 faiz, sintetik yuyucu vasitələr – 0,1 faiz, qara metallardan çubuqlar – 63,3 faiz, mineral gübrələr – 62,9 faiz, polietilen – 22,4 faiz, qara metallardan künclüklər – 23,8 faiz, polipropilen – 32,0 faiz azalmışdır.
Əlaqə telefonu: 377 10 70 (22-60)