Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
“Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” Tvinninq layihəsi başa çatıb
Aprelin 11-də Bakıda “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” Tvinninq layihəsinin bağlanış mərasiminə həsr olunan konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müstəqil dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Sonra Şəhidlər xiyabanına gedən tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.
Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov konfrans iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan sosial-iqtisadi islahatlar nəticəsində müasir Azərbaycan dünyada inamla inkişaf edən, qlobal maliyyə-iqtisadi böhranlardan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərdən biri kimi tanınır. Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2030-cu ilədək dövrü əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir. Hazırkı mərhələdə əsas məqsədlərdən biri uzunmüddətli perspektivə dinamik sosial-iqtisadi inkişafın dayanıqlığının təmin edilməsidir ki, bu işlərin planlaşdırılmasında, nəticələrin qiymətləndirilməsində və təhlil olunmasında rəsmi statistika xüsusi əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, layihənin məqsədi Azərbaycanda özəl sektorun, o cümlədən kiçik və orta biznesin fəaliyyətinə dair məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması sahəsində yerli mütəxəssislərin potensialının artırılması, statistik biznes reyestrlərinin təkmilləşdirilməsi və istifadəçilərin biznes statistikasına olan tələbatı nəzərə alınmaqla biznes statistikasının metodologiyasının Avropa İttifaqının standartlarına uyğunlaşdırılması məqsədilə Dövlət Statistika Komitəsinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin potensialının artırılmasından ibarət olmuşdur. Tvinninq layihəsinin icrasına 2020-ci ilin iyun ayından başlanılmış və 3 komponentdən ibarət olan layihə 22 ay davam etməklə tam icra edilmişdir.
Dövlət Statistika Komitəsinin Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində daha öncə iki Tvinninq layihəsinin və bir texniki yardım layihəsinin həyata keçirildiyini xatırladan T.Budaqov milli hesablar, müşahidə olunmayan iqtisadiyyat, biznes statistikası və istehsalçı qiymətləri indeksi sahələrinin Avropa standartlarına çatdırılmasına həsr olunmuş birinci Tvinninq layihəsi, statistik keyfiyyətin idarə olunması sisteminin və coğrafi informasiya sistemi vasitəsilə statistik məlumatların yayımlanmasının təkmilləşdirilməsi, əhalinin gəlirləri və həyat şəraiti, əlillik, turizm sahələrində rəsmi statistikanın Avropa standartlarına uyğunlaşdırılması məsələlərini əhatə etmiş ikinci Tvinninq layihəsi haqqında qısa məlumat vermişdir.
Bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin bir qismi onlayn formatda həyata keçirilmişdir. 2021-ci ilin sentyabr ayının 9-dan etibarən isə layihənin Rezident Tvinninq Müşaviri Dövlət Statistika Komitəsində fəaliyyətinə başlamış, xarici ekspertlərin Azərbaycana səfərləri təşkil olunmuş, ölkə mütəxəssislərinin layihə üzrə tərəfdaş ölkələrə təlim səfərləri baş tutmuşdur. Pandemiya ilə əlaqədar baş verən problemlərin olmasına baxmayaraq layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olunmuşdur. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Dövlət Statistika Komitəsi arasında mövcud olan məlumat mübadiləsinin keyfiyyətinin yaxşılaşdırılması üçün konkret tədbirlər həyata keçirilmiş, biznes statistikasının, o cümlədən kiçik və orta biznes üzrə statistikanın məzmunu və təşkili prosesləri yenilənmiş və Dövlət Statistika Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin işçilərinin biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması ilə bağlı potensialı artırılmışdır.
Konfransda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi cənab Orxan Nəzərli, KOBİA-nın İdarə heyətinin sədri cənab Orxan Məmmədov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri cənab Viktor Bojkov, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri xanım Sara Maykl, Finlandiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinen, Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Egidijus Navikas, Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Pauline Eizema, Finlandiya Statistika İdarəsinin Baş direktoru cənab Markus Sovala, Litva Statistika Departamentinin Baş direktoru xanım Jurate Petrauskiene çıxış ediblər.
Sonra Finlandiya Statistika İdarəsinin əməkdaşları xanım Hannele Orjala, cənab Ville-Matti Pilvio, Litva Statistika Departamentinın əməkdaşı xanım Raimonda Simiene, Niderland Mərkəzi Statistika Bürosunun əməkdaşı cənab Guus van de Burgt, Dövlət Statistika Komitəsinin əməkdaşları cənab Qasım Əliyev və Nuru Süleymanovun layihə komponentləri üzrə görülmüş işlər haqqında təqdimatları nümayiş olunub.
Konfransda dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Azərbaycanda akkreditə olunmuş bir sıra səfirlik və beynəlxalq təşkilatların rəhbərləri, xarici ölkələrin statistika qurumlarının təmsilçiləri, Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının üzvləri də iştirak etdilər.