Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2021-ci ildə tullantıların hərəkəti haqqında
2021-ci ildə ölkədə 3778,2 min ton və ya əvvəlki illə müqayisədə 9,4 faiz çox tullantı əmələ gəlmiş və onların 68,3 faizini bərk məişət tullantıları, 31,7 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil etmişdir.
Ötən il yaranmış 2581,2 min ton bərk məişət tullantılarının 78,3 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 21,3 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunmuş, 0,4 faizi isə ölkə daxilində satılmışdır. Məişət tullantılarından istifadə hesabına 193,2 milyon kVt saat və ya 2020-ci illə müqayisədə 3,7 faiz az elektrik enerjisi istehsal edilmişdir.
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 12,3 faizi müəssisələrdə xammal kimi istifadə edilmiş, 34,2 faizi ölkə daxilində satılmış, 1,8 faizi ixrac olunmuş, 6,9 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 44,8 faizi isə müəssisələrdə qalmışdır.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2021-ci ildə 245,2 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 6,5 faiz olmuşdur. Tullantıların 57,4 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 102,5 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilmişdir.
Əlaqə nömrəsi: 377 10 70 (22-24)