2007-ci ilin noyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

05.12.2007

2007-ci ilin noyabr ayında əvvəlki ayla müqayisədə ərzaq məhsullarının qiymətlərinin 4,3 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin 2,4 faiz, xidmət tariflərinin 0,9 faiz bahalaşması nəticəsində istehlak mallarının qiymət indeksi 103,2 faiz təşkil etmişdir. Ay ərzində istehlak bazarında manna və qarabaşaq yarmalarının, düyünün, buğda ununun, çörəyin, makaron məmulatlarının, uşaq yeməklərinin, mal və qoyun ətinin, toyuq və toyuq budunun, ağ balığın, konservlərin, kolbasa məmulatlarının, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, süd və süd məhsullarının, yumurtanın, spirtli içkilərin, konfetlərin, qəhvənin, çayın, bananın, üzümün, portağalın, narın, göyərtinin, xiyarın, pomidorun, badımcanın, lobyanın, sarımsağın qiyməti bahalaşmış, limonun, naringinin, almanın, xurmanın, kələmin, balqabağın, süfrə çuğundurunun, kökün qiymətləri isə ucuzlaşmışdır. Qarşıdan gələn qış mövsümü ilə əlaqədar olaraq noyabr ayında isti geyim və ayaqqabı qrupu mallarının qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Mövsümü mallarla yanaşı ötən ay parçaların, mebel dəstlərinin, tozsoran və paltar yuyan maşınların, elektrik ütülərinin, təsərrüfat mallarının, qızıl əşyalarının, tikinti mallarından boyaların, sementin, parket və laminat parketinin, divar kağızlarının, kərpicin, taxta materiallarının, pəncərə şüşəsinin qiymətləri bahalaşmış, qadın və kişi üçün qısaqol köynəklərin, qadın üçün yay şalvarlarının və yubkaların, uşaq üçün yay kostyumlarının, uşaq üçün mayka və futbolkaların, qadın üçün dəri tufli və saboların, uşaq üçün yay ayaqqabılarının, dərman və tibb ləvazimatlarından centrum vitamininin, tibb termometrinin qiymətləri isə ucuzlaşmışdır. Noyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən paltarların təmirinin və tikilişinin, kimyəvi təmizləmənin, ayaqqabı dabanının vurulmasının, məişət və elektrik avadanlıqlarının təmirinin, kinoya biletin, qadınlar üçün saç kəsiminin qiymət və tarifləri bahalaşmışdır.