Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2007-ci ilin yanvar-noyabr aylarında sənayenin inkişafı haqqında
2007-ci ilin yanvar-noyabr aylarında ölkə sənayesində 17.4 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 24.7 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun 71.2 faizi mədənçıxarma, 22.7 faizi emal, 6.1 faizi isə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölmələrinin payına düşmüşdür. On bir ay ərzində 38.1 milyon ton neft, 9.8 milyard kub metr qaz hasil edilmiş və neft-qaz hasilatı və emalı müəssisələrində istehsalın həcmi 2006-cı ilin yanvar-noyabr aylarının səviyyəsini 29.8 faiz üstələmişdir. İstehsalın artımı neftin hasilatında 30.3 faiz və emalında 5.8 faiz, qazın hasilatında 60.8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 47.1 faiz, maşın və avadanlıqların istehsalında 69.8 faiz, nəqliyyat vasitələri və avadanlıqlarının istehsalında 21.1 faiz, oduncaqların emalı və ağacdan məmulatların istehsalında 11.4 faiz, qida məhsullarının istehsalında 10.0 faiz, tikinti materiallarının istehsalında 27.7 faiz və s. sahələrdə müşahidə olunmuşdur. Sənaye istehsalının 93.9 faizi malların, 6.1 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 23.0 faizi dövlət müəssisələrində, 77.0 faizi isə özəl bölmədə istehsal edilmişdir.