İdxal-ixrac əməliyyatları haqqında

08.01.2008

2007-ci ilin on bir ayında Azərbaycan Respublikası 135 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 10.5 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 5.5 milyard dollarını (52.2 faizini) ölkədən ixrac olunmuş mallar, 5.0 milyard dollarını (47.8 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 461.9 milyon dollarlıq müsbət saldo yaranmışdır. İxrac-idxal əməliyyatlarının 29.1 faizi Avropa Birliyi, 25.6 faizi MDB ölkələri ilə, 45.3 faizi isə digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyənin 48.2 faizi Avropa, 43.3 faizi Asiya, 8.2 faizi Amerika, 0.2 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81.7 faizi) Türkiyə, Rusiya, İtaliya, İran, Amerika Birləşmiş Ştatları, Ukrayna, Almaniya, Birləşmiş Krallıq, Gürcüstan, Fransa, İndoneziya, İsrail, Qazaxıstan, Yaponiya, Çin, Hindistan dövlətlərinin və Koreya Respublikasının hesabına formalaşmışdır.