2022-ci ilin yanvar-iyun aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

09.08.2022, 12:00

2022-ci ilin yanvar-iyun aylarında ölkədə 817 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,2 faiz artaraq 1109 nəfər olmuşdur. Onlardan 336-sı həlak olmuş, 773-ü isə yaralanmışdır. Hadisələrin 48,8 faizi gündüz, 37,1 faizi gecə, 14,1 faizi isə toran vaxtı baş vermiş, 29,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 10,3 faiz artaraq 235 nəfər, yaralananların sayı isə 7,9 faiz artaraq 696 nəfər olmuşdur.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı 2022-ci ilin yanvar-iyun aylarında 2021-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə
     
Bütün yol-nəqliyyat hadisələri – cəmi 817 108,1
Məkanına görə:    
           magistral avtomobil yollarında 130 134,0
           yaşayış məntəqələrində 687 104,2
İşıqlılıq vəziyyətinə görə:    
           gündüz vaxtı 399 121,3
           toran vaxtı 115 82,7
           gecə vaxtı 303 105,2
Yol örtüyünün vəziyyətinə görə:    
          quru yol örtüyü 761 109,0
          digər (yaş, buz və s.) 56 96,6
Zərərçəkənlərin sayı, nəfər 1109 112,2
           həlak olanlar 336 115,9
           yaralananlar 773 110,7

Bütün yol-nəqliyyat hadisələrinin 40,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,2 faizini, yaralananların isə 71,0 faizini kişilər təşkil etmişdir.

Sərxoş vəziyyətdə olan şəxslərin iştirakı ilə 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır. Hadisələrin 3-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

Əlaqə telefonu: 377 10 70 (22-22)