Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Azərbaycanda demoqrafik vəziyyət
İlin əvvəlindən ölkə əhalisinin sayı 29418 nəfər və ya 0,3 faiz artaraq 2022-ci il iyul ayının 1-i vəziyyətinə 10185784 nəfərə çatmışdır. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmişdir. Hazırda hər 1000 kişiyə 1001 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.
Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 61234 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,3 təşkil etmişdir. Doğulanların 52,7 faizi oğlan, 47,3 faizi isə qız uşaqları olmuşdur.
2022-ci ilin altı ayında ölkədə 32589 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,5-dən 6,5-ə düşmüşdür.
Bu ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 28785 nikah və 7531 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 5,8-ə qədər artmış, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşmüşdür.
Cari ilin birinci yarısında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1215 nəfər gələn, Azərbaycandan isə 442 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu ölkə üzrə müsbət 773 nəfər təşkil etmişdir.
Əlaqə telefonu: 377-10-70 (daxili: 22-11)