2007-ci ildə sənayenin inkişafı haqqında

18.01.2008

Ölkə iqtisadiyyatının əsas aparıcı sahələrindən olan sənayedə ardıcıl olaraq müşahidə olunan artım 2007-ci ildə də davam etmiş, ümumilikdə ölkə sənayesində 24.0 faizlik artıma nail olunmuş, son dörd ildə isə sənayenin real həcmi 2.4 dəfə artmışdır. "Əsrin müqaviləsi" çərçivəsində reallaşan neft strategiyasının məntiqi nəticəsi olaraq bu sahənin müəssisələri sənaye sektorunda daha yüksək nəticələr əldə etmiş - Azərbaycan tarixində neft və qazın hasilatı rekord səviyyədə olmuş, bununla yanaşı, sənayenin bir sıra digər sahələri üzrə də irəliləyişlər əldə edilmişdir. 2007-ci ildə ölkədə 20247.8 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir. İl ərzində ölkədə 41.7 milyon ton neft, 11.0 milyard kub metr qaz hasil edilmiş və neft-qaz hasilatı və emalı müəssisələrində istehsalın həcmi 2006-cı ilin səviyyəsini 28.8 faiz üstələmişdir. Məhz 2007-ci ildə ölkədə ilk dəfə olaraq 420 ədəd "Belarus" tipli traktor və 9 ədəd "Maz" tipli ağır tonnajlı yük avtomobili istehsal olunmuş, səkkiz illik fasilədən sonra yod istehsalı bərpa olunmuş, yeni kompüterlər, plazma tipli televizorlar və s. istehsal olunmuş, bir sıra yeni sənaye müəssisələri yaradılmış və məhsul növlərinin çeşidi xeyli artmışdır. 2007-ci ildə istehsalın artımı neftin hasilatında 29.4 faiz və emalında 7.3 faiz, qazın hasilatında 81.6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 42.9 faiz, maşın və avadanlıqların istehsalında 57.7 faiz, nəqliyyat vasitələri və avadanlıqlarının istehsalında 23.3 faiz, oduncaqların emalı və ağacdan məmulatların istehsalında 6.6 faiz, qida məhsullarının istehsalında 10.1 faiz, tikinti materiallarının istehsalında 28.8 faiz və s. sahələrdə müşahidə olunmuşdur. İstehsalın 93.8 faizi malların, 6.2 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, sənaye məhsulunun 22.6 faizi dövlət müəssisələrində, 77.4 faizi isə özəl bölmədə istehsal edilərək müvafiq olaraq 1.6 və 32.6 faiz çoxalmışdır.