Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsinin nümayəndələri Tbilisidə təşkil edilən konfransda təmsil olunur
28-30 sentyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Avropa İttifaqının Statistika Bürosu (Avrostat), Avropa Azad Ticarət Assosiasiyası (AATA) və BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) ilə əməkdaşlıq çərçivəsində Avropa Qonşuluq Siyasəti - Şərqi və Mərkəzi Asiya ölkələrinin milli statistika qurumları üçün Tbilisi şəhərində təşkil edilmiş yüksək səviyyəli seminarda iştirak edirlər.
Tədbirin məqsədi Avropa Qonşuluq Siyasəti - Şərqi və Mərkəzi Asiya ölkələrinin milli statistika sistemlərində baş vermiş son yeniliklər, statistika sistemlərinin qiymətləndirilməsi, statistika sahəsində əməkdaşlıq, milli statistika qurumlarının hökumətlərarası məlumatlar ilə bağlı təşəbbüslərdə rolu, rəsmi statistikada yeni məlumat mənbələri, inzibati məlumatlar və digər aktual məsələlərə dair müzakirələr aparmaqdan ibarətdir.
Yüksək səviyyəli seminarda iştirakçı ölkələr və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən bir sıra mövzularda məruzələr təqdim edilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov “Azərbaycan Respublikasında rəsmi statistika sahəsində əldə olunan nailiyyətlər” mövzusunda çıxış edərək Komitənin rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanması, statistika sisteminin inkişafı məsələlərini daim diqqət mərkəzində saxladığı, ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində rəsmi statistikanın daha da təkmilləşdirilməsi məqsədilə görülmüş işlər, əldə olunmuş nailiyyətlər, o cümlədən dayanıqlı inkişaf məqsədlərinə milli səviyyədə nailolma və statistik potensialın artırılması sahəsində həyata keçirilmiş digər tədbirlər barədə geniş məlumat verib.