İdxal-ixrac əməliyyatları haqqında

31.01.2008

2007-ci ildə Azərbaycan Respublikası 137 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 11.8 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 6.1 milyard dollarını (51.5 faizini) ölkədən ixrac olunmuş mallar, 5.7 milyard dollarını (48.5 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 349.7 milyon dollarlıq müsbət saldo yaranmışdır. İxrac-idxal əməliyyatlarının 28.5 faizi Avropa Birliyi, 25.5 faizi MDB ölkələri ilə, 46.0 faizi isə digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyənin 47.4 faizi Avropa, 44.6 faizi Asiya, 7.7 faizi Amerika, 0.2 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (82.2 faizi) Türkiyə, Rusiya, İtaliya, İran, Amerika Birləşmiş Ştatları, Ukrayna, Almaniya, Birləşmiş Krallıq, Gürcüstan, İsrail, İndoneziya, Fransa, Qazaxıstan, Yaponiya, Çin və Hindistan dövlətlərinin hesabına formalaşmışdır.