Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsində 8 Noyabr-Zəfər gününə həsr olunan tədbir keçirilib
Noyabrın 5-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Öncə 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsini, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsini, gənclərimizin Vətən sevgisini, iqtidar-xalq və ordu birliyini vurğulayıb. Bildirib ki, 44 günlük haqq mübarizəsində tarix yazan şanlı Ordumuz, qəhrəman əsgər və zabitlərimiz güclü dövlət və güclü ordu strategiyasını, milli birlik, həmrəylik və güclü iradə vəhdətini bütün dünyaya nümayiş etdirib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinə diqqət çəkən Komitə sədri, Prezident İlham Əliyevin yürütdüyü uğurlu böyük qayıdış proqramı nəticəsində 30 il əvvəl öz evlərini tərk etmiş, doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki ata-baba yurdlarına qayıdışının önəmini qeyd edib.
Daha sonra 44 günlük Vətən müharibəsinin iştirakçıları olmuş Komitə əməkdaşları tədbirdə çıxış edərək, canlı şahidi olduqları müharibədən söhbət açaraq, öz xatirələrini bölüşüb və yaşadıqları qələbə sevincindən bəhs ediblər.
Sonra 8 Noyabr-Zəfər Gününə həsr olunmuş film nümayiş etdirilib.
Sonda “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyun tarixli 3335 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdim olunma mərasimi keçirilmişdir. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov dövlət qulluqçularını yüksək dövlət təltifi münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli işlərində, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.