Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsində “İnzibati Məlumatların İdarə Olunması Sistemi – ADİS” informasiya sisteminin təqdimatı keçirilib
2022-ci il 16 noyabr tarixində “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq Koreya Statistika Komitəsi (KOSTAT) ilə birgə həyata keçirilən “İnteqrasiya olunmuş inzibati məlumat bazalarının idarə olunması sisteminin yaradılması” layihəsi çərçivəsində hazırlanmış “İnzibati Məlumatların İdarə Olunması Sistemi - ADİS” informasiya sisteminin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov və Koreya Statistika Komitəsinin planlaşdırma və əlaqələndirmə üzrə baş direktoru Hyangwoo Jeong açılış nitqi ilə çıxış ediblər. Qeyd olunub ki, təkrarçılığı aradan qaldırmaqla, respondentlərin üzərinə düşən məlumat yükünün azaldılması, rəsmi statistika materiallarının istehsalı prosesinə çəkilən xərclərin optimallaşdırılması yolu ilə onun səmərəliliyinin yüksəldilməsi üçün tələb olunan fəaliyyətlərdən biri də rəsmi statistika sistemində müxtəlif dövlət qurumlarından əldə olunan inzibati məlumatların idarə olunması mexanizminin təkmilləşdirilməsidir. Bununla bağlı beynəlxalq standartların tətbiqində təcrübə və informasiya mübadiləsinin aparılmasını, statistik məlumatların istehsalı prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqini, son yeniliklərin və təcrübələrin bölüşülməsini, kadr potensialının gücləndirilməsi ilə bağlı qarşılıqlı fəaliyyətlərin həyata keçirilməsini daim öz fəaliyyətində prioritet hesab edən Dövlət Statistika Komitəsi üçün KOSTAT ilə əməkdaşlıq yeni imkanlar yaratmışdır. Sözügedən Anlaşma Memorandumuna uyğun olaraq inzibati məlumat bazalarının idarə olunması sisteminin yaradılması ilə bağlı layihənin uğurla həyata keçirilməsi və layihə çərçivəsində ADİS informasiya sisteminin hazırlanaraq istifadəyə verilməsi mühüm əhəmiyyətə malikdir.
Daha sonra ADİS informasiya sistemi real vaxt rejimində təqdim olunub. Koreyanın “OCEAN IT” şirkətinin Statistika xidməti şöbəsinin meneceri Seonyong Von və Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi müdirinin müavini Toğrul Əcəlov layihə çərçivəsində görülmüş işlər və hazırlanmış “İnzibati Məlumatların İdarə Olunması Sistemi - ADİS” informasiya sistemi haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, ADİS-də həyata keçirilən proseslər beş mərhələyə bölünür. Bunlar məlumatların qəbulu, əlaqələndirilməsi, keyfiyyətinin yoxlanması, məlumat bazalarının yaradılması və sistemin idarə edilməsidir. Təqdimat zamanı mütəxəssislər ADİS informasiya sisteminin idarə olunması, o cümlədən sistem istifadəçisinin idarəetmə paneli və məlumatların idarə olunması ilə bağlı müvafiq funksiyalarını nümayiş etdiriblər.
Mərasimin sonunda tədbir iştirakçılarını və KİV nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb.