Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Özəlləşdirmənin gedişi haqqında
Keçid dövründə iqtisadi islahatların həyata keçirilməsi istiqamətində mühüm əhəmiyyətə malik özəlləşdirmə prosesi davam etməkdədir. Bu islahatlar çərçivəsində 2008-ci il yanvar ayının 1-dək ümumi dəyəri 185,9 milyon manat olan 48478 kiçik müəssisə və obyekt, o cümlədən 934 sənaye, 123 kənd təsərrüfatı müəssisəsi, 568 tikinti təşkilatı, 3863 ticarət, 1107 iaşə müəssisəsi, 10128 məişət xidməti, 680 yanacaq-doldurma məntəqəsi, 20001 nəqliyyat müəssisəsi və nəqliy-yat vasitəsi, 199 kommunal təsərrüfatı obyekti və 10875 digər dövlət müəssisələri, obyektləri və avadanlıqları özəlləşdirilmişdir. 2007-ci il ərzində ümumi dəyəri 30,1 milyon manat olan 2297 kiçik müəssisə və obyekt özəlləşdirilmişdir. Bu proses Naxçıvan MR, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Əli Bayramlı şəhərlərində və Abşeron, Şəki, İsmayıllı, Lənkəran, Ağdaş, Xaçmaz, Göyçay, Şəmkir, Zaqatala rayonlarında daha fəal aparılmışdır. Eyni zamanda, nizamnamə kapitalının həcmi 6,8 milyon manat olan 43 dövlət müəssisəsi, o cümlədən 20 tikinti, 10 sənaye, 1 kənd təsərrüfatı, 3 ticarət, 3 nəqliyyat, 1 məişət xidməti və 5 digər müəssisə səhmdar cəmiyyətinə çevrilmişdir. 2007-ci il ərzində 671 dövlət müəssisəsinin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsindən 9,1 milyon manat vəsait əldə edilmişdir. Ölkədə mənzillərin özəlləşdirilməsi başlanan dövrdən 2008-ci ilin əvvəlinə-dək ümumi sahəsi 21,9 milyon kvadrat metr olan 404,2 min mənzil, yaxud nəzərdə tutulan mənzillərin 65,4 faizi özəlləşdirilmişdir. Bu tədbir Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində, Abşeron, Ağstafa, Beyləqan, Tərtər, Qax, Qusar, Göyçay, Masallı, Qazax, Xanlar, Şəki, Bərdə, Xaçmaz, Lənkəran və Tovuz rayonlarında daha sürətlə aparılmışdır. 2007-ci il ərzində əhali tərəfindən ümumi sahəsi 935,1 min kvadrat metr olan 14,7 min mənzil, o cümlədən Bakı şəhərində 7,8 min mənzil özəlləşdirilmişdir.