Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqovla Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Hişam Mohamed Nağı Abdel Həmid arasında görüş keçirilib
Dekabrın 8-də Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Abdel Həmidi salamlayaraq Azərbaycandakı dilomatik fəaliyyətində uğurlar arzulayıb. Komitə sədri dünyada baş verən mürəkkəb siyasi-iqtisadi proseslər fonunda ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib, Azərbaycanla Misir arasında siyasi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin daima inkişaf etdiyini vurğulayaraq Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi tədbirlər, milli statistika sisteminin təkmilləşdirilməsi ilə bağlı islahatlar haqqında danışaraq, fəal beynəlxalq əməkdaşlıq məsələlərinin önəmini diqqətə çatdırıb.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Abdel Həmid öz növbəsində səmimi görüşə görə Tahir Budaqova təşəkkür edib. Azərbaycan və Misirin dostluq və diplomatik münasibətlərindən söhbət açan səfir indiyə qədər iki ölkə arasında 60-a yaxın əməkdaşlıq sazişlərinin imzalandığını qeyd edərək, belə sıx münasibətlərin gələcəkdə də davam etdirilməsinin önəmi barəsində söhbət açıb.
Görüşdə hər iki ölkənin statistika qurumları arasında əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.