2007-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin işi haqqında

15.02.2008

2007-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 47,9 milyon ton yük, 179,5 milyon nəfər sərnişin daşınmışdır. Yük daşınmasında dəmir yolu nəqliyyatı 56,0 faiz, avtomobil nəqliyyatı 31,4 faiz, dəniz nəqliyyatı 12,6 faiz paya malik olmuş, dəhlizdə bu nəqliyyat növləri ilə daşınmış yüklər ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 28,7 faizini təşkil etmişdir. Ölkə ərazisindən ötürülmüş tranzit yüklərin həcmi 11,0 milyon ton olmuş, dəmir yolunda yük daşınmasının 21,1 faizi, dəniz nəqliyyatında isə 88,5 faizi tranzit yüklərin hesabına həyata keçirilmişdir. Son beş il ərzində daşımalardan 1,1 milyard manat, o cümlədən 2007-ci ildə 236,1 milyon manat və ya əvvəlki illə müqayisədə 6,4 faiz çox gəlir əldə edilmişdir. Gəlirlərin yaranmasında dəmir yolu nəqliyyatı daha çox - 62,5 faizlik paya malik olmuş, gəlirlərin qalan hissəsi - 18,9 faizi avtomobil, 18,6 faizi isə dəniz nəqliyyatının fəaliyyəti nəticəsində yaranmışdır.