2022-ci ildə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

16.02.2023, 12:00

2022-ci ildə 1668 və ya 2021-ci illə müqayisədə 1,2 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,1 faiz artaraq 2290 nəfər olmuşdur. Onlardan 834-ü həlak olmuş, 1456-sı isə yaralanmışdır. Hadisələrin 45,0 faizi gündüz, 37,9 faizi gecə, 17,1 faizi isə toran vaxtı baş vermiş, 31,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 84,6 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 6,3 faiz artaraq 588 nəfər, yaralananların sayı isə 2,5 faiz azalaraq 1330 nəfər olmuşdur.

Göstəricinin adı 2022-ci il 2021-ci ilə nisbətən, faizlə
     
Bütün yol-nəqliyyat hadisələri – cəmi 1668 101,2
Məkanına görə:    
           magistral avtomobil yollarında 257 141,2
           yaşayış məntəqələrində 1411 96,2
İşıqlılıq vəziyyətinə görə:    
           gündüz vaxtı 750 108,1
           toran vaxtı 286 84,6
           gecə vaxtı 632 102,4
Yol örtüyünün vəziyyətinə görə:    
          quru yol örtüyü 1576 101,9
          digər (yaş, buz və s.) 92 90,2
Zərərçəkənlərin sayı, nəfər 2290 106,1
           həlak olanlar 834 118,1
           yaralananlar 1456 100,3

Bütün yol-nəqliyyat hadisələrinin 41,0 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,1 faizini, yaralananların isə 72,1 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş vermiş, nəticədə 5 nəfər həlak olmuş, 12 nəfər yaralanmışdır. Hadisələrin 8-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

Əlaqə telefonu: 377 10 70 (22-22)