Narkotik vasitələrlə bağlı cinayətlər haqqında

22.02.2023, 12:00

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2022-ci ildə ölkədə qeydə alınmış 36494 cinayət hadisəsinin 10665-i və ya 29,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur ki, bu da 2021-ci ilin göstəricisindən 24,4 faiz çoxdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin 62,8 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 32,4 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 3,7 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,9 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,2 faizini isə digər cinayətlər təşkil etmişdir.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 8587 şəxs müəyyən edilmişdir ki, onların da 34,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil etmişdir. Cinayət törətmiş şəxslərin 98,9 faizi cinayət məsuliyyətinə cəlb olunmuş, 1,1 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilmişdir.  

Cinayət törətmiş şəxslərin 72,8 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,7 faizini qadınlar təşkil etmişdir. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 7,0 faizi 18-24 yaşlı, 16,7 faizi 25-29 yaşlı gənclər, 76,1 faizi isə 30 və yuxarı yaşlı şəxslər olmuşdur.

Bununla yanaşı, 2022-ci il ərzində sözügedən məsələ ilə bağlı inzibati xəta törətmiş  2017 nəfər inzibati məsuliyyətə cəlb olunmuşdur ki, bu da əvvəlki ilin göstəricisindən 29,8 faiz çoxdur.

2022-ci ildə müsadirə edilərək qanunsuz dövriyyədən çıxarılmış 5034,5 kiloqram narkotik maddələrin 2250,3 kiloqramını heroin, 2134,2 kiloqramını marixuana, 434,6 kiloqramını tiryək, 38,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,4 kiloqramını kokain, 176,8 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil etmişdir.

Əlaqə telefonu: 377-10-70 (22-70)