Azərbaycanda qadınlar

07.03.2008

Qadın və kişilərin bərabər hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmişdir. Bu gün gender problemləri ölkə rəhbərliyinin daimi diqqət mərkəzindədir və milli siyasətin prioritet məsələlərindən birinə çevrilmişdir. 2008-ci il mart ayının əvvəlinə ölkə əhalisinin 4 milyon 379 min nəfərini və ya 51 faizini qadınlar təşkil etmiş və onların 52 faizi şəhər yerlərində yaşayır. Qadınların 59 faizi nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla 2 uşaq doğmuşdur. Keçən il doğulmuş 152 min körpənin 46 faizini qızlar təşkil etmişdir. Qız uşaqlarına verilmiş adlar içərisində ən çox "Fatimə" adına təsadüf olunur. Şəhər yerlərində "Fatimə" adından başqa daha çox qoyulan ad "Fidan", kənd yerlərində isə "Nərmin" olmuşdur. Bu adlarla yanaşı, Nəzrin, Zəhra, Nuray, Aytac, Aysel, Aysun və Leyla da geniş yayılmış adlardandır. Qadınların sağlamlığının qorunması ən mühüm dövlət məsələlərindən biridir. Hazırda ölkədə 28 doğum evi, 331 qadın məsləhətxanası, 596 uşaq poliklinikası və ambulatoriyası, 1750 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Bu gün qadınların gözlənilən ömür uzunluğu 75,1 yaş təşkil edir və kişilərdən 5,4 yaş yüksəkdir. İqtisadiyyatda əmək fəaliyyəti ilə məşğul olan qadınların sayı və cəmiyyətdəki rolu mütəmadi olaraq artır. Hazırda qadınlar ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində çalışırlar və onların məşğul əhalinin ümumi sayında payı 2003-cü ildəki 47,7 faizdən 49,5 faizədək artmışdır. Ümumtəhsil məktəblərində müəllimlərin 71 faizi, orta ixtisas məktəblərində 73 faizi, ali məktəblərdə 47 faizi, həkimlərin isə 61 faizi qadınlardır. Qadınların təhsil səviyyəsi ildən ilə artır. 15 yaşından yuxarı olan hər 1000 qadından 745-i ali və tam orta təhsilə malikdir. Ümumtəhsil məktəblərində şagirdlərin 48 faizi, orta ixtisas məktəblərində 70 faizi, ali məktəblərdə oxuyanların isə təxminən yarısı qızlardan ibarətdir. Aspirantların və doktorantların 28 faizi qadınlardır. Elmin inkişafında da qadınların müstəsna rolu var. Bütün elmi işçilərin 50 faizini qadınlar təşkil edir. Elmlər doktoru və elmlər namizədi alimlik dərəcəsi olan qadınların sayı artmaqda davam edir. 2003-cü illə müqayisədə, elmlər doktoru dərəcəsi alan qadınların sayı 42 faiz, elmlər namizədi dərəcəsi alan qadınların sayı isə 12 faiz artmışdır. Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si və akademiklərdən 3-ü qadındır. Bu gün ölkə Parlamentində millət vəkillərinin 11,2 faizini qadınlar təmsil edir, Dövlət qulluğunda çalışanlar arasında qadınların payı 39 faiz, sahibkarlar arasında isə 15 faizdir. İdman seksiyalarında məşğul olanların 20 faizi qadınlardır. Hazırda ölkənin ev təsərrüfatlarının 21 faizinə qadınlar başçılıq edir.