Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2008-ci ilin yanvar-fevral aylarında istehlak bazarı haqqında
2008-ci ilin ilk iki ayı ərzində Azərbaycanda 250 mindən çox hüquqi və fiziki şəxs ticarət və xidmət fəaliyyəti göstərmişdir. Ticarət və xidmət şəbəkələrinin genişlənməsi nəticəsində cari ilin yanvar-fevral aylarında ticarət və xidmət göstəriciləri 2007-cı ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlmişdir. İlin əvvəlindən ticarət şəbəkəsindən əhaliyə 1 milyard 495,2 milyon manatlıq və ya 2007-cı ilin müvafiq dövründəkindən 14,5 faiz çox geniş çeşidli müxtəlif istehlak malları satılmışdır. İstehlak mallarının 970,0 milyon manatını ərzaq, 525,2 milyon manatını qeyri-ərzaq malları təşkil etmiş və onların satışı ötən ilin iki ayı ilə müqayisədə müvafiq olaraq 10,9 və 23,6 faiz artmışdır. Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 15,7 faizi hüquqi şəxslərin, 45,9 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 38,4 faizi isə hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların fəaliyyəti hesabına formalaşmışdır. Hesabat dövründə əhaliyə 435,6 milyon manatlıq və ya 29,0 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 78,5 faizi hüquqi, 21,5 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 35,6 və 9,6 faiz çox pullu xidmət göstərilmişdir.