Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Ölkəmizdə Çoxgöstəricili Klaster Sorğusu (MİCS) həyata keçiriləcəkdir
Azərbaycan Respublikasında ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi məqsədilə 2023-cü ilin may-iyul aylarında Çoxgöstəricili Klaster Sorğusu (MİCS) həyata keçiriləcəkdir.
Hazırlıq işləri çərçivəsində aprel ayının 3-də Çoxgöstəricili Klaster Sorğusu (MICS- Multiple Indicator Cluster Surveys) üzrə sahə işlərini həyata keçirəcək heyət üçün təlimlərə başlanılıb. Təlimin açılış mərasimində Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərinin müavini Vilyam Abi Abdallah çıxış edərək iştirakçılara MICS-in ölkəmizdə keçirilməsinin məqsədi və əhəmiyyəti, MICS çərçivəsində görülmüş işlər barədə məlumat verdilər. Bildirilmişdir ki, bu təlim çərçivəsində Dövlət Statistika Komitəsinin və UNICEF-in mütəxəssisləri tərəfindən təlim iştirakçıları seçməyə düşmüş ev təsərrüfatı üzvlərinin sorğu olunması, uşaqların boy və çəkilərinin ölçülməsi, suyun keyfiyyətinin, duzun yodluluğunun yoxlanılması, eləcə də kompüter əsaslı (CAPİ) sorğunun keçirilməsi və s. məsələlərlə bağlı təlimatlandırılacaqlar.
MICS-in tarixinin ötən əsrin 90-cı illərinin ortalarından başladığı və indiyədək 118 ölkədə belə sorğular aparıldığı, uşaqların müdafiəsi, sağlamlığı və qidalanması, təhsili üzrə mühüm məlumat mənbəyi rolunu oynadığı, "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"lə müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasının monitorinqində əhəmiyyətli vasitəyə çevrildiyi də qeyd olunmuşdur.
Tədbirdə Dövlət Statistika Komitəsinin və UNICEF-in əməkdaşları çıxış edərək müxtəlif məsələlərlə bağlı iştirakçıları məlumatlandırmış, “Əsas sahə işi üzrə təlimlər”in may ayının 2-dək davam edəcəyi bildirilmiş, təlim çərçivəsində aprel ayının 20-dək olan dövrdə təlim iştirakçıları sorğunun aparılması, sorğu anketlərinin doldurulması ilə bağlı təlimatlandırılacaqları, növbəti günlərdə isə sorğu anketlərinin sınağının aparılacağı və pilot sorğuların keçiriləcəyi nəzərə çatdırılmışdır.