Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib
Mayın 2-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov hər zaman azərbaycanlı olması ilə fəxr edən, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə məlumat verib. O bildirib ki, ümummilli lider Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasını, onun uzaqgörən və müdrik siyasətini keyfiyyətcə yeni müstəvidə ugurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi, həmçinin gərgin əməyi və yorulmaz fəaliyyəti ilə respublikamızda aparılan islahatlar və əldə olunmuş böyük nailiyyətlərdən bəhs edən Tahir Budaqov ölkəmizin sürətlə və hərtərəfli inkişaf etməsini, dövlətimizin daha da qüdrətlənməsini xüsusi vurğulayıb. Qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad edib, ərazi bütövlüyümüz bərpa olunub.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Əli Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Dövlət Statistika Komitəsinin Ümumi şöbəsinin müdiri Sevda Süleymanova ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edərək, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş, vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışmışlar. Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə Ulu Öndərin müstəqil Azərbaycanın inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, bizə əmanət qoyduğu ideyalarının təntənəsi olduğunu xüsusi qeyd etmişlər.
Sonra Dövlət Statistika Komitəsinin aparatının bir sıra əməkdaşlarına Yeni Azərbaycan Partiyası sıralarına keçmələri ilə bağlı vəsiqələr təqdim olunmuş, eyni zamanda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan şahmat üzrə turnirin qalibləri mükafatlandırılmışdır.